Bələdçi
Hesaba daxil olun
İstifadəçi adı

Şifrə




[ QEYDIYYAT ]

Şifrəni unutmusunuz?
Yenisini əldə etmək üçün tıklayın.
Tərəfdaşlar
Asililiq
İNTERNETDƏN ASILILIQ: UŞAQLARINIZ BUNA YOLUXUBMU?

Uşaqların İnternetdə çox vaxt keçirməsi valideynlərin əksəriyyətini narahat edir. Əvvəlcə böyüklər şəbəkənin meydana gəlməsinə sevinirdilər. Düşünürdülər ki, bu, yeni bilgilər almaq üçün hədsiz bir imkandır. Az keçməmiş bəlli oldu ki, uşaqlar heç də İnternetdən ev tapşırıqlarını həll etmək üçün deyil, daha çox çatda ünsiyyət və onlayn oyunlar üçün istifadə edirlər.

Uşaqların həyatında əyləncə və başqa məşğuliyyətlər arasında ağlabatan müvazinəti təmin etmək həmişə valideynlər üçün bir sınaq olub. İnternet isə bu işi daha da çətinləşdirib. İnternet üzərindən ünsiyyət və interaktiv oyunlar uşaqları elə cəlb edə bilir ki, onlar çox vaxt zaman hissini itirirlər. Aşağıdakı bir neçə məsləhət uşaqlarınızın İnternet asılılığına düşməsinin qarşısını almaqda yardımçı ola bilər.

İNTERNETDƏN ASILILIĞIN QARŞISININ ALINMASI ÜÇÜN MƏSLƏHƏTLƏR

Uşağınızın psixoloji xüsusiyyətlərinə fikir verin. Sosial cəhətdən uyğunlaşma problemi olan uşaqların İnternetdən asılılığa yoluxma ehtimalı daha yüksək olur. Səbəb ondadır ki, İnternet gizli qalmağa imkan verir, tənbehdən qoruyur (əgər nəyisə yanlış etsən, adını dəyişib hər şeyi yenidən başlaya bilərsən), gerçək həyata nisbətən ünsiyyət üçün daha geniş seçim imkanları verir. Uşaq üçün İnternetdə öz virtual dünyasını qurmaq daha asandır, çünki burada olmaq onun üçün daha rahatdır. Ona görə də əgər uşaqda gerçək dünyada nə isə alınmırsa, o özü üçün daha rahat olan bir yerə can atacaq. Başqa tərəfdən isə, İnternet utancaq uşağın daha ünsiyyətcil olmasına imkan verir, onun öz mühitini tapmasına və özünü daha düzgün qiymətləndirməsinə şərait yaradır. Əgər uşağınız həyatda özünə qapanandırsa, utancaq və çəkingəndirsə, onun İnternetə münasibətinə diqqətlə yanaşmalısınız. Bununla da siz onun nəzarətsiz birinə çevrilməsinin qarşısını ala bilərsiniz.

İnternetdən asılılıq təzahürlərini nəzarətdə saxlayın. Bu özünü onda göstərir ki, uşaq elə bir həddə qədər İnternetdən asılı olur ki, gerçək həyatdan imtina edib vaxtının çoxunu virtual aləmdə keçirməyə üstünlük verir. İnternetdən asılı uşaqlar çox vaxt sakit və özünə qapanmış olur. O, səbirsizliklə İnternetə bağlanma imkanını gözləyir. Onun üçün İnternetdən ayrılmaq çox çətindir. Əgər İnternetdən kənar qalarsa, əsəbiləşir və hətta ruhi həyəcan halına düşür. İnternetdən asılı olmayan uşaq isə başqa ünsiyyət vasitələrinə keçə, İnternetdən rahat şəkildə imtina edə bilər. O, həmişə dəqiq bilir ki, harada ünsiyyətdədir – şəbəkədə, yoxsa yox. Özünüzdən soruşun: şəbəkədə vaxt keçirmək sizin uşağınızın məktəb həyatına, onun səhhətinə, ailəsi və dostları ilə münasibətlərinə təsir edirmi? Uşağınızın İnternetdə nə qədər vaxt keçirdiyini müəyyən edin.

Kömək üçün mütəxəssislərə müraciət edin. Əgər uşağınızın İnternet asılılığı özünü ciddi şəkildə göstərirsə, pedaqoq və ya psixoloqla məsləhətləşin. İnternetə həddən artıq bağlılıq başqa problemlərin də əlamətləri ola bilər. Məsələn, ruhi həyəcan, qıcıqlanma və ya özünə qarşı aşağılıq kompleksi kimi. Bu problemlər həllini tapan zaman İnternetdən asılılıq da öz-özünə aradan qalxa bilər.

İnterneti qadağan etməyin. Uşaqların çoxu üçün o, ictimai həyatın vacib tərkib hissəsi sayılır. Qadağan yerinə “İnternetdən istifadənin ailədaxili qaydaları”nı müəyyən edin. Buraya aşağıdakı məhdudiyyətləri daxil etmək olar: uşağın hər gün İnternetdə keçirəcəyi vaxtın müddəti; ev tapşırıqlarını yerinə yetirənə qədər İnternetə girişin qadağan edilməsi; çatlara giriş və böyüklər üçün nəzərdə tutulan saytların ziyarət edilməsi.

Tarazlığı təmin edin. Qoyun uşaq başqaları ilə açıq havada daha çox oynasın. Onu bu cür ünsiyyətə həvəsləndirin.

Uşağa İnternetdən kənarda ünsiyyətə girməyə yardımçı olun. Əgər uşağınız utancaqdır və həmyaşıdları ilə ünsiyyət zamanı özünü yaxşı hiss etmirsə, niyə də xüsusi məşğələ imkanlarını nəzərdən keçirməyəsiniz? Onu eyni maraqları olan uşaqlarla ünsiyyətə təşviq edin. Məsələn, qoyun o, müxtəlif dərnəklərində iştirak eləsin.

Uşaqlarınıza nəzarət edin. İnternetdən istifadəni məhdudlaşdıran və ayrı-ayrı saytlara girişə nəzarət edən xüsusi proqramlar var (məsələn, MSN® Premium). Bununla belə, ağlı kəsən uşaq bir az çalışıb bu xidməti sıradan çıxara bilər. Buna görə də sizin son məqsədiniz uşaqlarda özünənəzarət, nizam-intizam və cavabdehlik hissi aşılamaq olmalıdır.

Alternativlər təklif edin. Əgər sizə elə gəlirsə ki, uşaqlarınız yalnız onlayn əyləncəyə meyillidir, onlara sevdikləri oyunlardan birinin istənilən bənzərini təklif edin. Məsələn, uşağınız fantaziya tipindən olan oyunlarda rol oynamaqdan həzz alırsa, ona eyni istiqamətli kitablar oxumağı tövsiyə edin.